Optik disk druzenləri
Optik disk druzenləri optik diski tədricən kalsifikasiya edən mukoproteinlər və qlikozaminoqlikanlardan ibarət qlobullardır. Druzenlər degenerasiyaya uğrayan retinal qanqlion hüceyrələrinin qalıqlarına çevrilə bilərlər. Anadangəlmə qalxıq və ya anormal şəkilli disklər, psevdopapillödem, psevdonevrit, optik diskdə hialin cisimlərin olması kimi problemlər də optik disk druzenlərinə aid edilmişdir. Bu hallar müxtəlif dərəcəli görmə itkisinə, korluğa səbəb ola bilər.
== Anatomiyası ==
Optik sinir retinadan beyinə məlumatları ötürən birləşdirici kabeldir. Bir milyondan çox retinal qanqlion hüceyrə aksonlarından ibarətdir. Optik sinir başı və ya optik disk sinirin ön ucu olub gözün daxilində yerləşir və yalnız oftalmoskopla görünür. Buruna yaxın hissədə, gözün makulasından bir qədər aşağıda yerləşir. Optik diskin daxilində kor nöqtə adlanan hissə mövcuddur, lakin işığı aşkar etmək üçün çubuqlar və konuslara burada rast gəlinmir. Diskin mərkəzində retinanı qidalandıran mərkəzi retinal arteriya vardır.