Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir.
Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləmişlər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını söyləmişdir. Müəllif göstərmişdir ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar İ. V. Qolovanov, P. V. Nikolski, S. T. Pavlov, E. A. Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq etmişlər.