Elbay Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı.
== Həyatı ==
Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.
1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.
1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.
1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.