Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər.
Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər.
Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır.
Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.