etrusklar

etrusklar
etrusk
etruskşünas
OBASTAN VİKİ
Etrusklar
Etrusklar (lat. Etrusci və ya Tusci; özlərini rasna, rasnea adlandırırdılar) – e.ә. I minillikdə Apennin yarımadasının şimali-qərbində yaşamış tayfa. Bu ərazi qədimdə Etruriya (indiki Toskana) adlanırdı. Etrusklar romalılardan əvvəl inkişaf etmiş mədəniyyət yaratmışdılar; e.ә. VII əsrdə Etruskların yazısı, mədəniyyətin çiçəkləndiyi dövrdə isə dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxmini 10 min etrusk yazılı abidəsi məlumdur. Etrusklar haqqında əsas mənbələr yunan və Roma müəlliflərindən: Herodot, Siciliyalı Diodor, Halikarnaslı Dionisi, Strabon, Tit Livi, Böyük Plini, həm də başqaların məlumatları və bunları tamamlayan etrusk sərdabə və yaşayış məskənlərindən tapılmış zəngin arxeoloji materiallardır. Etruskların mənşəyi hələlik aydınlaşdırılmamışdır. Antik ənənəyə görə onlar Şərqdən gəlmə hesab olunurlar.
Etruskların mənşəyi
Etruskların mənşəyi — İtaliya yarımadasında meydana çıxmış etrusk tayfasının haradan bu əraziyə miqrasiya etməsi və onların etnik mənşəyinin hansı qədim cəmiyyətlərə söykənməsi ilə bağlı aparılan tədqiqatlara verilən ümumi addır. Alimlər bu mövzuda vahid konsensusa gələ bilməmişdirlər. Etruskların müasiri olan tarixçilərin irəli sürdüyü mənbələrə əsasən etruskların İtaliya yarımadasındakı yerli arxeoloji mədəniyyətlərdən yaranması (Halikarnaslı Dionisin qeydlərinə əsasən), bu əraziyə Lidiyadan (Herodot) və ya Fessaliyadan (Lesboslu Hellanikə görə Tirenlər) gəlmələri və yaxud Alp dağlarının şimalında yaşayan Retsiyalılara əsaslandıqları (Qaius Plinius Secundusun rəyi) fikirləri irəli sürülmüşdür. Yunan tarixçisi Herodotun yazdıqlarına əsasən, etrusklar Anadolu ərazisində o zamanlar hakimiyyətdə olmuş Lidiya torpaqlarından İtaliyaya miqrasiya etmişdirlər. Bir çox tarixçilər də etrusklarla Anadolu sivilizasiyalarının, xüsusən də Troyanın ənənələri arasında əlaqələrin olduğunu zənn edirlər. Buna görə də etruskların mənşəyinin Kiçik Asiya, yəni Anadolu sivilizasiyalarına əsaslandığı fikrini müdafiə edirlər. Etruskların mənşəyi ilə bağlı Herodotun vermiş olduğu bu məlumatlar müasir tarixçilər və arxeoloqlar tərəfindən "dəniz yolu ilə belə bir miqrasiyanın qeyri-mümkün olması" əsası ilə qəbul edilməmişdir. Ancaq 2004-cü ildə Turin Universitetində Alberto Piazza bu mövzuda genetik tədqiqatlar aparmışdır. O, eramızdan əvvəl VII–III əsrlər arasında yaşamış etrusklara məxsus olan 80 skeletdən DNT nümunələri götürmüşdür. Bu nümunələr etruskların müasir Türkiyənin yerləşdiyi coğrafiyadan İtaliyaya köç etdiyini təsdiqləmişdir.