Etruskların mənşəyi — İtaliya yarımadasında meydana çıxmış etrusk tayfasının haradan bu əraziyə miqrasiya etməsi və onların etnik mənşəyinin hansı qədim cəmiyyətlərə söykənməsi ilə bağlı aparılan tədqiqatlara verilən ümumi addır. Alimlər bu mövzuda vahid konsensusa gələ bilməmişdirlər. Etruskların müasiri olan tarixçilərin irəli sürdüyü mənbələrə əsasən etruskların İtaliya yarımadasındakı yerli arxeoloji mədəniyyətlərdən yaranması (Halikarnaslı Dionisin qeydlərinə əsasən),[1] bu əraziyə Lidiyadan (Herodot)[2] və ya Fessaliyadan (Lesboslu Hellanikə görə Tirenlər)[3] gəlmələri və yaxud Alp dağlarının şimalında yaşayan Retsiyalılara əsaslandıqları (Qaius Plinius Secundusun rəyi) fikirləri irəli sürülmüşdür.[4]
Yunan tarixçisi Herodotun yazdıqlarına əsasən, etrusklar Anadolu ərazisində o zamanlar hakimiyyətdə olmuş Lidiya torpaqlarından İtaliyaya miqrasiya etmişdirlər. Bir çox tarixçilər də etrusklarla Anadolu sivilizasiyalarının, xüsusən də Troyanın ənənələri arasında əlaqələrin olduğunu zənn edirlər. Buna görə də etruskların mənşəyinin Kiçik Asiya, yəni Anadolu sivilizasiyalarına əsaslandığı fikrini müdafiə edirlər.[5]
Etruskların mənşəyi ilə bağlı Herodotun vermiş olduğu bu məlumatlar müasir tarixçilər və arxeoloqlar tərəfindən "dəniz yolu ilə belə bir miqrasiyanın qeyri-mümkün olması" əsası ilə qəbul edilməmişdir. Ancaq 2004-cü ildə Turin Universitetində Alberto Piazza bu mövzuda genetik tədqiqatlar aparmışdır. O, eramızdan əvvəl VII–III əsrlər arasında yaşamış etrusklara məxsus olan 80 skeletdən DNT nümunələri götürmüşdür.[6] Bu nümunələr etruskların müasir Türkiyənin yerləşdiyi coğrafiyadan İtaliyaya köç etdiyini təsdiqləmişdir. Qədim yunan əfsanələrində də müntəzəm olaraq deyildiyi kimi, bu vəziyyət qədim zamanlarda Anadoludan İtaliya yarımadasına edilən köçlərlə izah olunmuşdur.[7] İtaliya tarixçisi və linqvisti olan professor Mario Alineinin fikrinə görə də, etrusklar türk mənşəli bir xalqı olmuşdurlar.[8]
Etrusk dili müasir dövrdə tam olaraq təqdim edilməmiş bir dil hesab olunur. Bundan əlavə, etrusk yazısının əlifbası məlum olsa da, tam olaraq öyrənilməmişdir. Bunun üç əsas səbəbi vardır. Əvvəla, muzeylərdən yüzlərlə etrusk lövhəsi oğurlanmışdır. Etrusklardan bu günə qədər bir neçə abidə və latın yazıçılarının yazdıqları sitatlar istisna olmaqla, çox da yazılı əsər qalmamışdır. Yazılar isə çox qısa olub özündə az sayda söz ehtiva edir. Etrusk dilində yazılmış əsərlərin bəziləri qraffit formasındadır; bəziləri isə ancaq ata-ana, ər-arvad adlarını və uşaqların sayını göstərən qəbir daşlarından ibarətdir. Maraqlı bir fakt bundan ibarətdir ki, ən uzun etrusk əlyazması İtaliyada deyil, XIX əsrdə Misirin İsgəndəriyyə şəhərindən tapılmış olan Misir mumiyasının sarğısından tapılmışdır.
Etrusklardan müasir dövrə çox sayda yazılı əsərlərin çatmamasına dair iki əsas fərziyyə mövcuddur:
İkinci bir səbəb odur ki, kifayət qədər ikidilli yazılar tapılmamışdır. Etrusk yazısının tam öyrənilməməsinin digər səbəbi də etrusk dilinin yaxşı öyrənilmiş Hind-Avropa dil ailəsinin deyil, heca-aqqlutinativ əsaslı bir dil olmasıdır. Etrusk yazısı hələ də linqvistlər tərəfindən tam olaraq deşifrlənməmişdir. Etrusk dili 22 səsdən ibarətdir və etrusk əlifbası əslində heç bir səsi ifadə etməyə yaramayan əcnəbi (xarici) hərflər istisna olmaqla, cəmisi 22 hərfdən ibarət əlifbadır. Deməli, etruskların birinci əlifbası 22 hərfdən ibarət olmuşdur. Bəzi etrusk yazıları soldan sağa, bəzi etrusk yazıları isə sağdan sola yazılmışdır.
Nəticədə, etruskların İtaliyaya miqrasiyası ilə bağlı fərziyyələr aşağıdakı rəylərdə cəmləşmişdir: