Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.
Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır:
Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.