Həmzəli (Şərur)
Həmzəli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.
== Tarixi ==
Yaşlıların dediklərinə görə bu kənddə yaşayış yaxın vaxtlardan, yəni 200–250 il bundan əvvəl başlanmış, kənd salınmışdır. Həmzəli kəndini yuxarı Yayçı kəndinin adamları salmışlar. Həmzəli ilə Yuxarı Yaycı kəndi arasında məsafə çox olduğundan adamlar burada məskən salıb yaşamağa qərar versələr də, Yuxarı Yayçının bəyləri bunu qəbul etməmiş, dəfələrlə onları zorla geri, kəndə, yəni Yuxarı Yayçıya dönməyə məcbur etmişdilər. Axırda adamların ötkəmliyi qarşısında bəylər güzəştə getməyə məcbur olmuşdular.
Adamların burada kənd salması da təsadüfi olmamışdır. Çünki burada geniş örüşlər, biзənəklər, əkin yerləri vardı. Əlbəttə, bu qeyd edilənlər olsa-olsa Həmzəli kəndinin yaxın tarixini özündə əks etdirir. Kəndin tarixini müəyyən etmək üçün ətrafındakı Albantəpəyə, qəbiristanlıqlara diqqət yetirmək lazımdır. Onu da xatırlatmaq lazımdır ki, hələ 60-cı illərdə təzə məhəllədə evlər tikiləndə, eləcə də 80-ci illərdə əkin yerləri genişləndiriləndə çoxsaylı küp qəbirlər aşkar olmuşdur.