Özüyeriyən haubitsa
Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər.
Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər.
Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır.
Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir.