Qansoran hünülər
Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi.
Hünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir.