İSMAİLİLƏR
şiə təriqətlərindən birinin ardıclılarıdırlar. Onlar Cəfər Sadiqə qədər bütün imamları qəbul edirlər. Ancaq Cəfər Sadiqdən sonra, isna-əşərilərdən fərqli olaraq imam kimi onun oğlu Musa ibn Cəfəri (Kazımı) deyil, digər oğlu İsmaili qəbul etmişlər.
Onların inanclarına görə Cəfər Sadiq imaməti İsmailə öz istəyi ilə vermişdir.
Ancaq İsmail atasından öncə öldüyünə görə imamət onların ilk qeybdə olan imam saydıqları oğlu Məhəmməd Məqtuma keçmişdir.
İsmaililərə görə imamlar qeybdə olsalar da, onlara tabe olmaq vacibdir.
Məhəmməd Məqtumdan sonra imamlıq onun oğlu Cəfər Müsaddiqə, sonra Cəfərin oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu Übeydullah əl-Mehdiyə keçmişdir. O da, üsyan nəticəsində Şimali Afrikada (Məğribdə) hakimiyyəti ələ keçirmiş və bundan sonra ismaililər Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələrini imam hesab etmişdirlər.
İsmaililik İraqda yaranmış, İranda və Xorasanda yayılmışdır. Ancaq bu bölgələrdə ismaililik hind dinləri və zərdüştiliyin təsiri altına düşmüş, onlarla qarışaraq sinkretik bir təlimə çevrilmişdir. Buna görə də, onların bir çoxu İslamın başlıca prinsiplərindən o qədər ayrılmışdılar ki, artıq İslam alimləri onları müsəlman hesab etməmişdirlər.
İsmaililərin inancına görə şəriətdə həm zahiri, həm də batini mənalar vardır. Ancaq, batinə daha çox önəm verdiklərinə görə onları “batinilər”də adlandırırdılar. Bəzi hallarda onlar məqsədlərinə çatmaq üçün gizli təriqətlər yaradıb, siyasi terrora da əl atırdılar. İsmaililərə görə şəriətin batini tərəflərini yalnız ismaili imamları bilir. Batiniliyə üstünlük verən ismaililər, Quran ayələrini məcazi mənada təfsir etməyə çalışırdılar və bu ənənəni də öz inancları ilə əlaqələndirilər.
İsmaililərə görə Allah imamları digər insanlardan daha üstün yaratmış, onlara insanların bilmədiyi bilikləri vermişdir. İmamların xalqın qarşısına çıxması vacib deyildir. Onlar qeybdə olduqlarına görə özlərini açıq-aydın göstərməyə də bilərlər. Buna görə də, imamlar xalqla əlaqəni ən seçilmiş davamçıları vasitəsi ilə saxlayırlar. İstənilən halda imam müsəlmanlara doğru yolu göstərən bir dini rəhbərdir. Onların inancına görə qeybdə olan imamlar zaman gəldikdə zühur edir, xalqı ilahi qanunlarla idarə etməyə çalışırlar. İmamlar günahsızdırlar, heç kimin qarşısında məsuliyyət daşımır, istədiklərini edə bilərlər.
Onlar bu hüquqa batini bilikləri bilmələrinə görə malikdirlər. Hamı da onlara tabe olmalıdır.
İsmaililərin təlimində yeni platonçuların, qnostiklərin, digər antik məktəblərin mistik baxışları da geniş yer almışdır. Onlar antik pifaqorçuluq, eləcə də yəhudilərin Kabbala adlı mistik təlimində olan rəqəmlərin mistikasına önəm vermişdilər. Xüsusən də ismaililər “yeddi” rəqəmini müqəddəs hesab edirdilər. Platon fəlsəfəsində olduğu kimi ismaililər bizim dünyamıza ideal aləmin əks olunması (yansıması) kimi baxırdılar. Başqa sözlə desək əsl varlıq ideal aləmdədir, bizim dünyada olan hadisələr və şeylər isə ideal aləmin əks təzahürüdür. İdeal aləmdən olan biliklər “gizli” biliklərdir, onları da onun təmsilçiləri olan imamlar bilirlər.
İsmaililər Şimali Afrika və Misirdə hakimiyyətə gəlməmişdən öncə inanclarını uzun müddət gizli şəraitdə yayırdılar. Bunu da “ismaili dəvəti” adlandırırlar. Onun düşünülmüş strukturu və metodları olmuşdur.
Dəvətin başında qeybdə olan imamlar durmuşdular. Onlar öz tapşırıqlarını onlara bağlı olan xüsusi seçilmiş adamlara verirdilər. Onlar isə bu tapşırıqları öz yaxın adamları olan dəvətçilərinin vasitəsi ilə xalqa çatdırırdılar. Beləliklə, onların çox güclü siyasi qurumları olmuşdur.
İsmaililərin gizli dəvətçiləri müsəlmanların yığıncaqlarına qatılıb, ənənə tərəfdarları olan alimlərlə mübahisələr aparmış, onların müddəalarını xalq qarşısında təkzib etməyə çalışmışdırlar. Abbasi xilafətinin zəifləməsindən istifadə edərək ismaililər İfriqiyyədə (Tunisdə) hakimiyyəti ələ aldılar.
Sonra onlar, bütün Şimali Afrika və Siciliyanı ələ keçirmişdirlər. Hicrətin 347-ci ilində (969 ildə) isə Misiri tutmuşdurlar.
Yaratdıqları Fatimi xilafətinin paytaxtı Qahirə şəhəri olmuşdur. Daha sonra Yəmən, Hicaz və Suriya da bu xilafətin tərkibinə qatılmışdır. Birinci Fatimi xəlifəsi olmuş Übeydullah özünü qeybdən zühur edən Mehdi adlandırmışdır.
Ancaq VI/XII əsrin sonunda Fatimi xilafəti gücdən düşərək, torpaqlarını itirməyə başlamışdır. Ölkənin gücdən düşməsi ismaililərin Müstəli və Nizari kimi müxtəlif təriqətlərə parçalanmaları ilə nəticələnmişdir.
Fatimilər xilafətinin varlığına isə 549/1171-ci ildə sultan Səlahəddin Əyyubi son qoymuşdur. O, sonuncu Fatimi xəlifəsi olmuş Ədidi taxtdan salaraq Misiri və başqa əraziləri Abbasi xilafətinə tabe etdirmişdir.
Hal-hazırda ismaili icmaları Avropada, Amerikada, Hindistanda, Pakistanda, Suriyada, Tacikistanda, Mərkəzi və Cənubi Afrikada, eləcə də başqa ölkələrdə də vardır.
İsmaili fiqhi daha çox Cəfəri məzhəbinin müddəaları üzərində qurulmuşdur.