Jingle Bells
Jingle Bells – dünyanın ən məşhur milad mahnısıdır.
1822-ci il dekabr ayının 25-də Bostonda pastor Con Pyerpont (John Pierpont) və Meri Şeldon Lord (Mary Sheldon Lord) cütlüyünün ailəsində əlamətdar bir hadisə baş verməsəydi ― Ceyms Lord Pyerpont (James Lord Pierpont) dünyaya gəlməsəydi, ümumiyyətlə bu mahnı yaranmayacaqdı. 10 yaşında Ceymsi Nyu-Hempşirdə yerləşən internat məktəbinə göndərirlər. Oradan o, anasına yazdığı məktubların birində dekabrda qar üstündə xizəklə sürüşməsi haqqında yazır. Məktublarındakı romantik əhval-ruhiyyəyə baxmayaraq, gənc avanturist Ceyms 1836-cı ildə "Şark" gəmisinə minərək internatdan qaçır. 9 il ərzində praktiki coğrafiyanı mənimsədikdən sonra o, 1945-ci ildə Yeni İngiltərəyə qayıdır. Bu zaman onun atası Nyu-York ştatının Troy şəhərində pastor idi. Sonradan ailə atasının Unitar cəmiyyətin naziri seçildiyi Massaçusets ştatının Medfort şəhərində məskunlaşır. Çox düşünmədən Ceyms Millisent Kavi (Millicent Cowee) ilə evlənir. Onlarin bir oğul, bir qız övladı dünyaya gəlir.