Darıdağ daş karxanası
Darıdağ daş karxanası —Aparılan araşdırmalar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralıda, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daş-yonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub hamarlanaraq müxtəlif ölçüyə və formaya salınmışdır. Burada əsasən, sarımtıl və qırmızımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də, orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqə tipli qəbirüstü xatirə abidələri qalmışdır. Ərazidə dəyirman daşlarının və sənduqələr üçün materialın kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmisdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəli məzar daşları formaşında kəsilmiş, lakin tam yonulub düzədilməmiş, üzərində iş yarımçıq qalmış daşlar vardır.
Darıdağ daş üzərində işləmə mərkəzinin geniş fəaliyyətindən və satış bazarının əhatəsindən bəhs edən AMEA-nın müxbir üzvü H. Səfərli yazır ki, burada nəinki Culfa ərazisindəki yaşayış məskənləri üçün abidələr hazırlanmış, həmçinin ətraf kəndlərdən də sifarişlər qəbul edilmiş və hazır material müxtəlif yerlərə aparılmışdır. Müəllif topladığı çöl materiallarına əsasən fikrinə davam edərək, daş karxanasının fəaliyyətinin XX yüzilliyin 60-cı illərinə qədər davam etdiyini göstərmişdir
Darıdağ daş üzərində işləmə mərkəzi iki böyük hissəyə ayrılır.