Azərbaycanda Bədii Keramika sənəti
Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.
Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.
İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.
Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir.