Kesennuma Köpəkbalığı Muzeyi
Kesennuma Köpəkbalığı Muzeyi (気仙沼シャークミュージアム, Kesennuma Şaku Myuciamu) – Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir.
== Tarixi ==
Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur, hətta şəhər "Köpəkbalığı şəhəri" ləqəbi ilə tanınır. Bu səbəbdən 1997-ci ildə şəhərdə köpəkbalıqlarına həsr olunmuş muzey açılmışdır. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi səbəbilə muzey bağlanmış, yenidənqurma işlərindən sonra 2014-cü ildə yenidən açılmışdır.
== Xüsusiyyətlər ==
Umi no İçi binasının 2-ci mərtəbəsində yerləşən muzey köpəkbalıqlarının ekologiyasına və 2011-ci ildə baş vermiş zəlzələyə həsr olunmuşdur. Muzey 4 bölmədən ibarətdir: bölmələrin ikisi zəlzələdən, biri Kesennuma limanının indiki vəziyyətindən, biri isə köpəkbalıqlarından bəhs edir. Köpəkbalığı bölməsində "Köpəkbalığı möcüzələri" adlı sərgi keçirilir. Burada böyük ağ köpəkbalığı və balina köpəkbalığının realistik modelləri dayanır, köpəkbalığı çənələri sərgilənir, köpəkbalıqlarının yaşayış arealını göstərən xəritə nümayiş etdirilir.