konfusiçi

konfusiçi
konfrontativ
konfusiçilər
OBASTAN VİKİ
Konfusiçilik
Konfusiçilik (Çincə: 儒學, köhnə 儒学) — Çində dini-etik təlim. Konfusiçilik Çində e.ə. V–VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfusiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi. Din olmasa da, konfusiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfusiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi. 2000 ildən çox bir müddətdə konfusiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfusiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır.
Li (konfusiçilik)
Li (禮 \ 礼 Lǐ) — Dünya Nizamının bir ifadəsidir. Dünya ilə Səmavi İradə (Tyan Sin) arasında müvazinətdir. Cəngavər özündə Səmavi İradənin təcəssümünü görərək özünü dünyanın mütləq və ilahi mahiyyətinin daşıyıcısı kimi, Dünyanı onun həqiqi mahiyyətinə, mənasına qaytararaq nizama salmalı olan bir qüvvə kimi qavrayır. Cəngavər Səmavi İradənin təcəssümçüsü olmaqla Dünyanı onun ruhuna qaytararaq canlandırmalı və gözəlləşdirməlidir. Öz ruhundan ayrı düşən, Səmavi İradənin təcəssümçüsünə hələ ki, çevrilməyən dünyanı tsi anlayışı ifadə edir. Tsi qədim hindlilərin mayya termininə bənzəyir, sözün birbaşa mənasında isə tsi — xaos, qarışıqlıq deməkdir. Cəngavər xaos girdabında boğulan Dünya ilə üz-üzədir, Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti nizama salmalıdır. Dövlət yaratma missiyası onun üzərinə düşür. İdeal dövlət — Linin, Dünya Nizamının sosial mücəssəməsidir. Əgər ideal dövlət Dünya Nizamının, əgər belə demək mümkündürsə, nisbətən geniş miqyasda təcəssüm olunmasıdırsa, ideal ailə linin ən kiçik sosial məkan çərçivəsində qərarlaşmasıdır.