Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir.
Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.