Yalçın Küçük
Yalçın Küçük (1 iyul 1938, İskəndərun) — Türkiyə sosialist yazıçısı, iqtisadçısı, tarixçisi və media eksperti. O, Türkiyə tarixində son Osmanlı və Cümhuriyyət dövrləri, sovet iqtisadi inkişafı ilə bağlı marksist baxış bucağından tarixi araşdırmaları və həmçinin Türkiyədə kriptoiudaizm (sabbatiançılıq) və Ədalət və İnkişaf Partiyasının tənqidi ilə tanınır.
Yalçın Küçük 1938-ci ildə İskəndərunda anadan olmuşdur. Atasının soyu türkman, anası isə qafqazlıdır. Kabataş Liseyinə, ardından Ankara Universitetinə qəbul olmuşdur. 1960-cı ildə politologiya fakültəsini bitirmişdir.
Yalçın Küçükün ilk işi Dövlət Planlama Şurasında olmuş və orada uzunmüddətli planlaşdırma şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Yaxın Şərq Texniki Universitetində vəzifəyə qəbul ollmuşdur. 1971-ci il çevrilişindən sonra işdən çıxarılmışdır. O, çevrilişdən əvvəl "Yön", "Emek", "Ant" kimi solçu nəşrlərdə Türkiyədə "sosialist inqilabı" və sosialist idarəçiliyinə çağırışlar yazmışdı.