Kuti tunelləri
Kuti tunelləri (vyet. Địa đạo Củ Chi) — Hoşiminin eyniadlı şəhərətrafı sahəsində bir-birləri ilə birləşən böyük yeraltı tunellər şəbəkəsi. Bu tunellər Vyetnam müharibəsi zamanı Vyetkonq tərəfindən bir neçə hərbi kampaniyada istifadə edilmiş, xüsusən də 1968-ci il Tet hücumunda Vyetkonqun əməliyyat bazası idi.
Tunellər şəbəkəsi partizanlar ilə ABŞ qoşunlarına qarşı gizli zərbələr endirməyə imkan verirdi. Bir neçə dərinlikdə yerləşən tunellərə gizli girişlər, yaşayış yerləri, anbarlar və xəstəxanalar daxil idi. Ümumi uzunluğu təxminən 150 km idi. Vyetkonq əsgərləri üçün tunellərdə həyat çətin idi. Hava, yemək və su qıtlığı mövcud idi, tunellərin özünü qarışqalar, zəhərli qırxayaqlar, ilanlar, əqrəblər, hörümçəklər və gəmiricilər bürümüşdü. Əsgərlər çox vaxt tunellərdə işləmək və ya dincəlməklə gününü keçirir, yalnız gecələr tədarük axtarmaq, əkinlərinə qulluq etmək və ya düşmə ilə döyüşə girmək üçün çıxırdılar. Bəzən ağır bombardmanlar və ya Amerika qoşunlarının hərəkəti zamanı onlar günlərlə yerin altında qalmağa məcbur olurdular.