Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu.
Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi.
Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi.