Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ
Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur.
Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.