The Blue Marble
The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur.
Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır.
Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir.
Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu.
Fotoşəklin NASA-da rəsmi seriyası — AS17–148–22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.