Elxan Süleymanov (millət vəkili)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir.
E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır.
O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir.
E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.