Miryaqub Mirmehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini.
Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib.
Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.