Azərbaycan Respublikası avtomobil dövlət nömrə nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.
Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.