Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti.
Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir.
Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir.
N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur.
Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.