OSMANLILAR
İslam dünyasının xəlifələri olmuş türk sultanları olmuşdurlar.
Osmanlılar tarixdə formalaşma (1299 – 1453), güclü imperiya (1453 – 1579), durğunluq (1579 – 1699), zəifləmə (1699 – 1792) və parçalanma (1792 – 1922) kimi dövrlərini yaşamışdır. Osmanlı sultanlığının yaradıcısı Osman bəy Ərtoğrul oğlu olmuşdur.
O, Anadoluda Konya sultanlığına tabe olan bir türk bəyliyinə başçılıq edirdi.
Bizansa qarşı uğurlu savaşlar aparırdı. 1299- cu ildə öz bəyliyini müstəqil ölkəyə çevirmişdir.
Elə bu ildən də Osmanlı dövlətinin əsası qoyulmuşdur. Sonrakı yüz il ərzində Osmanlılar Bizansla savaşlarda yeni ərazilər qazanaraq daha da genişlənmişdir. Bursa şəhəri ölkənin paytaxtı olmuş, Osmanlı sülaləsi isə “Sultan” adını daşımağa başlamışdırlar.
Osmanlılar təkcə bizanslılarla deyil, onlara tabe olmayan digər türk bəylikləri ilə də savaşlara girmiş, onları məğlub edib öz ölkələrinə qata bilmişdirlər. Daha sonra Osmanlılar Dardanel boğazını ələ keçirərək Avropaya doğru irəliləməyə başlamışdırlar.
Balkan yarımadasında bir çox bölgələri ələ keçirmişdirlər. Orada onlar bir necə dəfə birləşmiş Avropa krallarının qoşununa qalib gələ bilmişdilər. O dövrdə çoxlu yunanlar, slavyanlar, albanlar və başqa millətlərin nümayəndələri İslamı qəbul etmişdirlər.
O zaman “yeniçərilər” adlanan döyüşçü birləşmələri də yaradılmışdır. Bu birləşmələrə soyları xristian ailələrindən olan uşaqlar alınmış, döyüşçü ruhunda tərbiyə edilmişdirlər. Yeniçərilər Sultanın ən nizamlı döyüşkən ordusu olmuşdur. Ancaq sonra 1402-ci ildə Osmanlı Sultanı Bəyazid Əmir Teymura məğlub oldu. Bundan sonra təxminən 20 il boyu Osmanlılar gücdən düşmüşdürlər. Osmanlı sultanlığını yenidən dirçəldən Sultan II Murad olmuşdur. Ondan sonra Türklər Avropada və Yaxın Şərqdə yeni ərazilər fəth edə bildilər. 1444-cü və 1448-ci illərdə II Murad Varna və Kosovada avropalıların birləşmiş güclərini məğlubiyyətə uğrada bilmişdir. Ondan sonra hakimiyyətə gələn Sultan II Məhmət özünü Roma imperiyasının qeysəri (Qeysəri-Rum) adlandırmışdır. Sonrakı türk Sultanları da bu adı daşıyırdılar. 1453-cü ildə İstanbulun və Trabzonun alınmasından sonra Osmanlı dövləti artıq imperiya adlandırılmağa başlamışdır. Anadoluda isə bütün türk bəylikləri Osmanlı dövlətinə daxil edilmişdir.
Qara dəniz kənarları və Krım da türklərə tabe olmuşdur. Türk Sultanları özlərini müsəlmanların və xristianların imperatoru hesab edirdilər. Bütün bu uğurlar sonrakı illərdə də davam etdirilmişdir. Miladi XVI əsrdə türk qoşunları qızılbaşlara qalib gəlmiş, sonra Suriyanı və Misiri ələ keçirmişdirlər. 1516- cı ildə Osmanlı Sultanı I Səlim Qahirəyə gəlmiş, orada sonuncu Abbasi xəlifəsi sayılan Mütəvəkkillə görüşmüş, o da ona xəlifə adlanmaq hüququnu vermişdir. Bu tarixdən etibarən Osmanlı Sultanları artıq bütün müsəlmanların xəlifəsi adını daşımağa başlamışdırlar. Bundan sonra onlar Hicazın müqəddəs şəhərlərini və bütün Ərəbistanı da imperiyaya qatmışdırlar. 1529-cu ildə Sultan Süleymanın dövründə türk ordusu Avropada daha da irəliləyərək Avstriyaya girmiş, Vyananı mühasirəyə almışdır. O zaman artıq Şimali Afrika, İranın və Qafqazın qərb bölgələri də imperiyanın tərkibində idi. Türk donanması Aralıq dənizindən bütün rəqiblərini sıxışdırıb aradan çıxara bilmişdir. 1571-ci ildə avropalılar Lepantoda türk donanmasını ağır məğlubiyyətə uğratsalarda Osmanlılar bundan sonra da uzun müddət Aralıq dənizində üstünlüklərini saxlaya bilmişdirlər. XVII əsrdə Osmanlı imperiyasında geriləmənin ilk təzahürləri üzə çıxmağa başlamışdır. Anadolunu “Cəlali” adlanan üsyanlar və Osmanlı Sultanlarına qarşı etirazlar hər yeri bürümüşdür. Qızılbaşlar osmanlıları Azərbaycandan sıxışdırıb çıxara bilmişdirlər. Sultan IV Məhmətin (1648 – 1687) sultanlığı dövründə Osmanlı imperiyası dərin böhran keçirmişdir. Avropa donanmaları türk dəniz qüvvələrini darmadağın edərək Dardanel yaxınlığında bir necə adanı ələ keçirərək İstanbula girmək istəmişlər.
Onlar Türklərin müqaviməti ilə qarşılaşdıqdan sonra geri çəkilməyə məcbur olmuşlar.
Avstriyada aparılan müharibədə isə türk ordusu darmadağın edilmiş, Avropada bir çox alınmış ərazilər itirilmişdir. XVIII əsrdə qızılbaşlarla savaşda öncə uğur əldə edilsə də, sonra Osmanlı qoşunu yenə geriyə çəkilməli oldu. Avropada da onların uğursuzluqları davam edirdi. O zaman Rusiyada Osmanlılarla savaşlara başlamışdır.
Osmanlı imperiyası artıq inkişaf etmiş Avropa ilə rəqabət apara bilmirdi. Buna görə də o dövrlərdən başlayaraq Osmanlılar Avropa ölkələrinin mədəniyyətləri, ölkə quruluşu, ordu quruculuğu ilə maraqlanmağa başlamışdırlar. Onların nailiyyətlərini ölkələrinə gətirmək, inkişaf etmək istəmişdirlər. Geriləməni aradan qaldırmaq üçün Sultanlar yenidənqurma işlərini aparmaq üçün cəhdlər etmişdirlər. Ancaq bu cəhdlər uğursuz nəticələnmişdir. Yeniçərilər, dövlət məmurları və dini xadimlər yenidənqurmanın aparılmasına qarşı idilər. 1799-cu ildə fransızlar Misirə girə bilmiş, Ərəbistanda da vəziyyət ağırlaşmış, orada Osmanlılara qarşı silahlı hərəkat başlamışdır.
Ölkəsinin getdikcə gücdən düşməsini anlayan Sultan III Səlim yenə ölkədə islahatlar keçirmək istəmiş, fransızların yardımı ilə yeni ordu yaratmışdır. Ancaq buna etiraz edən yeniçərilər onu devirmişdilər.
Bu arada Osmanlı qoşununun uğursuzluqları davam edirdi. Ruslar Qafqazı tam ələ keçirmiş, Qara dənizdə onlar türk donanmasını darmadağın etmişdirlər. Osmanlılar Krımı da itirmişdirlər. Bu da ölkə içində durumun ağırlaşmasına səbəb olmuşdur.
Növbəti saray çevrilişindən sonra hakimiyyətə II Mahmud (1808 – 1839) gəlmiş və yenidənqurma işlərinə başlamışdır. 1826-cı ildə o yeniçərilər ordusunu dağıtmış, dünyəvi təhsil sistemini tətbiq etmiş, ölkədə kitab və qəzetlər buraxılmağa başlamışdır.
Ancaq, buna baxmayaraq ölkənin durumu getdikcə ağırlaşmışdır. Savaşlarda məğlubiyyətlərin arası kəsilmirdi. İmperiyanın hər tərəfində hakimiyyətə qarşı üsyanlar baş qaldırmışdır. Ağır durumdan çıxmaq cəhdlərini yeni Sultan Əbdülməcid (1839 – 1861) davam etdirmişdir. Onun geniş yenidənqurma planları “Tənzimat” adlandırılmışdır.
Onun dövründə ölkə qanunları Avropa qanunlarına uyğunlaşdırılmış, qeyrimüsəlmanların hüquqları müsəlmanlarla bərabərləşdirilmişdir. Korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün yeni iqtisadi siyasət də tətbiq olunmuşdur. 1853 – 1856-cı illərin Türk-Rus müharibəsi Osmanlılar üçün nisbətən uğurlu olsa da ölkədə böhran davam etmiş və maliyyə problemləri kəskinləşmişdir. Osmanlı dövlətinin Avropa ölkələrinə böyük borcları yığılmışdır. Buna görə də, Osmanlı onların təsiri altına düşmüş, müstəqil daxili və xarici siyasət yeridə bilməmişdir. Avropa ölkələri imperiyanın daxili işlərinə qarışırdılar. Bu da iqtisadi böhranı daha da ağırlaşdırmış, dinlər və millətlərarası münasibətləri gərginləşdirmişdir. Ölkədə daxili qarşıdurmaların sayı getdikcə artırdı. 1875- ci ildən etibarən Osmanlı imperatorluğu tam müflisləşmiş, borclarını geri qaytara bilməmişdir.
Çox ağır durumda xilafətə Sultan II Əbdülhəmid (1876 – 1909) gəlmişdir. Onun dövründə ilk dəfə olaraq Osmanlı imperiyasında Konstitusiya qəbul olunmuş, parlament (məclis) çağırılmışdır. Ancaq o zaman, Balkanlarda siyasi böhran yaranmış, bu da yeni rus-türk savaşına gətirib çıxarmışdır. 1877 – 1878-ci illərdəki savaşda Osmanlılar yenə də ağır məğlubiyyətə uğramış, Balkanların əksər vilayətlərindən geri çəkilməli olmuşdurlar. O zaman ingilislər Kipr adasını və Misiri, Fransa isə Tunisi və Əlcəzairi ələ keçirmişdir. Osmanlıları yalnız başqa avropalıların rəqibi olan Almaniya dəstəkləmişdir. Almanlar türklərə yardım etmiş, bəzi islahatların keçirilməsində onlara dəstək olmuşdurlar. Parlamenti isə Sultan buraxmışdır. XIX əsrin sonlarından başlayaraq imperiyada türkçülük ideyaları geniş yayılmağa başlamışdır. Onların siyasi qanadı “İttihad və Tərəqqi” partiyasında təmsil olunmuşdur.
Onlar konstitusiyanın və parlamentin bərpası uğrunda mübarizə aparırdılar. 1909-cu ildə onlar Sultan Əbdülhəmidi devirib hakimiyyətə gəlmişdilər. Yeni Sultan V Məhmət olmuşdur. Ancaq onlar da Osmanlı imperiyasını uğursuzluqlardan qurtara bilməmişdilər. 1911-ci ildə İtaliya Liviyanı ələ keçirmiş, 1912 – 1913-cü illərdə gedən Balkan savaşlarında türk orduları ağır məğlubiyyətlərə uğramışdırlar. Bu müharibədə Şərqi Trakiyada olan digər bütün ərazilər də itirilmişdir. 1914-cü ildə isə Osmanlılar I Dünya Müharibəsinə Almaniyanın müttəfiqi kimi girmişdirlər. Bu müharibədə ölkənin qalan gücləri və sərvətləri də darmadağın edilmişdir. Osmanlılara tabe olan ərəb əmirləri də Antantanın tərəfinə keçmişdirlər. 1918-ci ildə Müdrosda Osmanlı imperiyasının savaşda məğlub olması haqqında Antanta ilə anlaşma bağlanmışdır. Bundan sonra Avropa ölkələri Anadolunun işğalına başlamışdırlar. Orada bir neçə ölkənin yaradılması planlaşdırılmışdır. Türklərə yalnız Anadolunun ortasında kiçik bir ərazi verilməli, İstanbul isə ingilislərdə qalmalı idi.
Sonuncu Osmanlı Sultanı V Məhmət Antanta ölkələrinin təsiri altında olmuş, onların əmrlərini yerinə yetirirdi. Ancaq türk xalqı öz müstəqilliyinin itirilməsi, ölkənin parçalanması ilə razılaşmayaraq işğalçılara qarşı üsyana qalxdılar. Bu üsyanı türk ordusunun Antantaya tabe olmayan Mustafa Kamal paşanın başçılıq etdiyi ordu bölmələri də dəstəkləmişdir. Beləliklə, Türkiyənin müstəqilliyi uğrunda savaş başlamışdır. Bu müharibədə Türklər yunan, fransız, ingilis və başqa işğalçı ordularını darmadağın edib ölkədən qova bilmişdirlər. 1922-ci ildə türk ordusu İstanbula girmiş və bu tarixdən başlayaraq Osmanlı Sultanlarının hakimiyyətinə son qoyulmuş, Türkiyə respublikaya çevrilmişdir. 1924-cü ildə isə Xilafət ləğv edilmişdir.