Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir.
19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi.
Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.