Planetar geologiya
Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir. Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır.
Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, flüvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır.
1960-cı illərin əvvəllərində Yugin Şumeykerə geologiya prinsiplərini planetar xəritələrə tətbiq etmək və planetologiyanın yeni qolunu yaratmaq etibar edilir. O planetologiya sahəsinə və zərbə kraterlərinin, peyklərin, astroid və kometlərin öyrənilməsinə əhəmiyyətli töhfələr vermişdir.
Bu gün bir çox qurum planetar elmlərin və planetar geologiyanın öyrənilməsi ilə maraqlanır. Arizona yaxınlığındakı Arizona kraterindəki Ziyarət Mərkəzinə planetar geologiya muzeyi də daxildir. Bundan əlavə Montana Dövlət Universiteti, Braun Universiteti, Arizona Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kolorado Universiteti, Qərbi Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sent Luis Vaşinqton Universiteti kimi bir sıra universitetlər geniş planetar tədqiqatlar aparırlar.