Polimerlər kimyası
Polimerlər kimyası —
Hazırda yüksəkmolekullu birləşmələr kimyası böyük sürətlə inkişaf edən müstəqil elm sahələrindən biridir. Müasir dövrdə insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada polimerdən istifadə olunmasın.
Polimer maddələr çox qədim zamanlardan mövcuddur. Lakin, bir çoxları güman edirlər ki, bu maddələr kimyaçılar tərəfindən suni və ya sintetik üsulla alınandan sonra məlum olmuşdur. Bu düzgün fikir deyildir. Belə ki, üzvü maddələrin sintetik üsulla alınmasına XIX əsirin əvvəllərindən başlandığı halda, polimer maddələr 100 min ildən əvvəl də məlum olmuşdur.
İnsanlar yarandığı gündən bəri gündəlik həyatında daima polimer maddələrlə əlaqədə olmuşdur. Belə ki, ağacın əsasını təşkil edən sellüloz, yun, kətan və kəndir lifləri, gön buğda və kartofun əsasını təşkil edən nişasta və s. polimer maddələr sırasına daxildir. Bütün bunlar həmişə həyat üçün ən vacib vəsait olmuşdur.