Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir.
Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə. Vəliyevin "Gülşən", M. Hüseynin "Kin", Mir Cəlalın "Dağlar dilə gəldi" və başqa əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur.
Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır.
Hekаyə ilə roman arasında orta mövqe tutan, hekаyədən böyük, romandan kiçik epik əsərlər povest adlandırılır.