Qızılbaşlar
Qızılbaş (fars. قزلباش Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.
Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.
Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi
Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.