Əzələ qərənfil
Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.