Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri.
Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir.
Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır.
"Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.