Qloballaşma
Qloballaşma və ya qlobalizasiya (fr. global – ümumi, lat. globus – kürə) — fərqli hüdudlar daxilində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər arasında hər cür kommunikasiya və inteqrasiyanın ümumdünya səviyyəsində aparılmasını təklif edən yanaşma.
Qloballaşma mövzusunda son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox müxtəlif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu problem üzrə ölkəmizdə nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gedən proseslərin səciyyəsi verilmiş və ümumiyyətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğzi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti narahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük ehtiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dünyaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur.
Yeni iqtisadi münasibətlər sisteminə sosialzmdən keçən bir ölkə olaraq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf perspektivləri MDB ölkələri ilə xeyli dərəcədə oxşardır.