Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Kubik sinqoniya
Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü — yaşıladək olan andradit və b.
Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50–4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5–7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar.
Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt — metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.