Rüsumsuz Ticarət Mağazaları
Rüsumsuz Ticarət Mağazası (ing. Duty Free Shop) — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimi. Bu rejim altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər:
Hüquqi statusunun olması;
Azərbaycan Respublikasında yerləşməsi;
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq təsis edilməsi;
RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur).
rüsumsuz ticarət mağazasında xarici valyuta ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının olması.
RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır və buradan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır.
RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililəri olmalıdır:
satış zalı (satış zalları);
köməkçi tikililər;
RTM-nın anbarı.
RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir.