Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədədli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
== Həyatı ==
Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.
1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.