Sferiklər
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları.
Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir.
Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır.
Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.