Təkərləmələr
Təkərləmələr — türk folklor janrı.
Bizim nağıllarımızın başlanğıcında söylənilən «pişrov» və ya «müqəddimə» adlanan məzəli ifadələrə, yanıllmaclara və uşaq folklorundakı sanamalara, düzgülərə Türkiyənin xalq ədəbiyyatında «təkərləmə» deyilir. Təkərləmələr təkcə lirik şifahi xalq ədəbiyyatının deyil, eyni zamanda, epik növün də bir şəklidir. Nağıllarda, xalq teatrlarının tamaşalarında çox işlənir. Saz şairləri-aşıqların da çoxlu təkərləmələri vardır. Aşıqlar bəzən bir-birləri ilə təkərləmələrlə deyişirlər. İpə-sapa yatmayan, mənalı-mənasız söz yığınından ibarət olan təkərləmələr dinləyiciləri əyləndirmək, onların diqqətini cəlb etmək məqsədi daşıyır. Təkərləmələri söyləyənlər yerinə görə əl-qol hərəkətləri, mimikaları ilə danışdıqlarını daha təsirli çatdırmağa çalışırlar.Təkərləmələrə Güney Anadoluda «sayıştırma», Şərqi Anadoluda «döşeme» deyənler də vardır. Xalqın şifahi biçimdə meydana gətirib yaşatdığı bu folklor örnəkləri uşaqların tərbiyə olunmasında da, şübhəsiz, əhəmiyyətli rol oynamışdır. Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması üçün bu folklor janrının mühüm önəmi onların belə söz və ifadələri layiqincə tələffüz etməyi bacarmaları, qüsursuz danışmaq vərdişlərinə yiyələnmələri ilə bağlıdır.