Teatin kilsəsi
Müqəddəs Kayetan və Adelaida adına Teatin kilsəsi (alm. Theatinerkirche St. Kajetan und Adelheid) — Almaniyanın cənubunda, Bavariyanın Münhen şəhərində yerləşən katolik kilsəsidir. 1663-cü ildən 1690-cı ilə qədər tikilmiş kilsənin əsası 1662-ci ildə Bavariya kürfürstü Ferdinand Mariya və onun həyat yoldaşı Savoyyalı Henrietta Adelaida tərəfindən, çoxdan doğulmasını gözlədikləri oğulları Maksimilianın şərəfinə qoyulub. İndi Dominikan keşişləri tərəfindən idarə olunan kilsə həm də Müqəddəs Kayetanın Dominikan monastırı kimi tanınır.
Kilsə Romadakı Sant Andrea della Valledən ilhamlanaraq, italyan memar Aqostino Barelli tərəfindən dizayn edilmiş, barokko üslubunda inşa edilmişdir. Memar Enriko Zukkalli kilsəyə əvvəlcə planlaşdırılmayan 66 metr hündürlüyündə iki qüllə əlavə etdi və sonra 1690-cı ildə 71 metr hündürlüyündəki günbəzi bitirdi. Kilsə 72 metr uzunluğunda və 15,5 metrdir. Rokoko üslubunda fasad 1768-ci ildə Fransua de Küvilye tərəfindən hazırlandı. Onun Aralıq dənizi stilindəki görünüşü və sarı rəngi şəhərin məşhur simvoluna çevrildi və Cənubi Alman Barokko memarlığına çox təsir etdi.