Transxəzər Fiber-Optik Kabel Xətti
Transxəzər Fiber-Optik Kabel Xətti — layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.
Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır. Layihə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən Azerbaijan Digital Hub proqramı çərçivəsində magistral internet provayderi AzerTelecom şirkəti tərəfindən icra edilir.
Transxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Azerbaijan Digital Hub proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir.
19 mart 2019-cu il tarixində layihənin ilk hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Daha sonra saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib. 17 may 2019-cu il tarixdə isə sözügedən dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib.
Azərbaycan-Qazaxıstan marşrutu Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək və kabel xəttinin ümumi uzunluğu 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək və layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra ediləcək.