Transxəzər qaz kəməri — ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-yə işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.
1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.
O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi. Düzdür, burada Azərbaycanın da müəyyən rolu olub, çünki 1999-cu ilin yayında “Şahdəniz” yatağı açıldı və sonra onun ehtiyatlarının qiymətləndirilməsi zamanı məlum oldu ki, Azərbaycanın qaz ehtiyatları güman edildiyindən qat-qat çoxdur. Belə olan şəraitdə, 32 mlrd buraxıcılıq gücü olacaq kəmərdə Azərbaycan ona ildə 16 mlrd kub metr kvota ayrılmasını tələb etdi, Niyazov isə yalnız kəmərin ixrac qabiliyyətinin dörddə birinə razı idi. Beləcə, iki qaz ölkəsi narazılar ölkəsinə çevrildi və o zamandan “Kəpəz” yatağı ilə bağlı problem daha da böyüdü.
2011-ci ildə Türkmənistan hökuməti uzunluğu 1000 kilometr və dəyəri iki milyard dollar olan daxili "Şərq-Qərb" qaz kəmərinin tikintisinə başlayıb. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, oradan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.[1]
Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.[2]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |