Triller (janr)
Triller — ədəbiyyatda, filmlərdə, videooyunlarda və televiziyalarda istifadə olunan janrdır. Narahatlıq, gərginlik və təşviş hissləri bu janrın əsas elementləri hesab olunur. Bu janrın əsas alt janrı (sub janr) isə psixoloji triller janrı hesab olunur. Con Kennedinin qətli hadisəsindən sonra siyasi triller və paranoyya triller janrları özlərinə həddindən artıq populyarlıq qazanmışdırlar. Triller filmlərinin ən yaxşı nümunələrindən bəzilərini triller (gərginlik) elementlərindən ustalıqla istifadə edən Alfred Hiçkok çəkmişdir.
Triller janrı əsasən tamaşaçını film boyu daimi həyəcan içində saxlayaraq onu müəyyən əhval-ruhiyyələrə girməyə sövq edir. Bunlar yüksək səviyyədə gözləmə və ya ümid etmə, qərarsızlıq, narahatlıq, həyəcan, gərginlik və dəhşət kimi hisslərdirlər. Bu janrda qırmızı siyənək (ing. red herring) və Klifhanger (ing. Cliffhanger) kimi ədəbi üsullardan müntəzəm olaraq istifadə olunur.