Əli Tudə
Əli Tudə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü.
Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə, Maarif Nazirliyində tədris şöbəsinin müdiri, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olub.
"21 Azər" medalı, Əmək veteranı medalı ilə təltif olunub, Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.
1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib Təhsili yarımçıq qalıb.