turançılıq

turançılıq
turançı
turani 2021
OBASTAN VİKİ
Turançılıq
Turançılıq, turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. İlk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədilə ortaya atılmışdır. Türkçü və turancı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmədiyini bildirmişdir. Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur. Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir: Vətən nə Türkiyədir türklərə, nə Türküstan; Vətən böyük və əbədi bir ölkədir: Turan. Turania.org.
İrqçilik-Turançılıq məhkəməsi
İrqçilik-Turançılıq məhkəməsi - 7 sentyabr 1944-cü ildə başlayan və 29 mart 1945-ci ilə qədər davam edən, Türkiyə siyasi gündəmində önəmli olan 23 şəxsin İrqçilik-Turançılıq ittihamı ilə mühakimə olunduğu prosesin adıdır. Ümumi 65 iclas davam etmişdir. Mühakimə nəticəsində Zəki Validi Toğan, Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Reha Oğuz Türkqan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sancar, Cebbar Şenel və Camal Oğuz Öcal müxtəlif cəzalara məhkum edilmişdirlər. II Dünya müharibəsi dövründə Türkiyə xarici siyasətini müharibədən yayınmaq üzərinə qurmuş, müharibəyə qatılması üçün ona təzyiq edən müttəfiq dövlətlərə qarşı hərbi və lojistik əskikliklər bəhanə edilərək müharibədən uzaq qalmağa çalışılmış, Nasist Almaniyasının böyük uğurlar qazandığı 1943-cü ilə qədər Almaniya ilə olduqca yaxınlaşılmış və hətta türk hərbi müşahidəçilər heyəti Belqradda o dövrlərdə Kursk döyüşünə hazırlaşmaqda olan Alman ordusunun hazırlıqlarını incələmiş, VI və VII Panzer tümənlərinin yer aldığı Xarkov əməliyyatına qatılmışlardır. Almaniyanın Türkiyədəki səfiri Frans fon Papen, Ənvər paşanın qardaşı, köhnə hərbçi və biznesmen Nuru paşa vasitəsilə turançılığa dəstək vermişdir. 1943-cü ildən sonra Alman blokunun məğlub olmasına görə türk hökuməti nasist qələbələrinə görə icazə verdiyi bu hərəkatı sıxmağa başlamış, bunun nəticəsində də Hüseyn Nihal Atsız baş nazir Şükrü Saracoğluna Orhun jurnalında iki açıq məktub yazmış, bu məktublar nəticəsində Nihal Atsıza qarşı açılan məhkəmə mətbuatda İrqçilik-Turançılıq məhkəməsi olaraq adlandırılmışdır. O dövrün baş naziri Şükrü Saracoğlu, 5 avqust 1942-ci ildə TBMM-də etdiyi çıxışında bunları deyir: Bu açıqlamaya baxmayaraq dövlətin hər tərəfinə kommunist kadrların yerləşdirilməkdə olduğunu düşünən Nihal Atsız dövrün baş naziri Şükrü Saracoğluna Orhun jurnalında 1 mart 1944-cü ildə və yenə bir ay sonra 1 aprel 1944-cü ildə olmaqla iki açıq məktub yazır, baş nazirə şikayət və xəbərdarlıq edir. Şikayət edilənlərin arasında Əhməd Cavad Əmrə, Səbahəttin Əli, Sədrəddin Cəlal Antel və Həsən Əli Yücəl də vardır. Açıq məktubdakı təhqiramiz ifadələrə görə Səbahəddin Əli tərəfindən Atsız məhkəməyə verilir. 26 aprel 1944-cü ildə Ankarada başlayan ilk məhkəmə zalı gənclər tərəfindən tamamilə doldurulur.