TƏKFİR

müəyyən əməllər qarşılığında kiminsə İslamdan çıxmasını elan etməkdir. İlahiyyatçılar arasında bu məsələ ən mübahisəli məsələlərdən biridir. Təkfir problemini ilk dəfə xəlifə Əli ibn Əbu Talibin xəlifəliyi dövründə xaricilər ortaya atmışlar. Bundan sonra digər İslam məzhəbləri də, təkfir məsələsi haqqında düşünməyə başlamışlar. İlk dəfə böyük günahlar törətmiş müsəlmanların halı haqqında mübahisələr baş vermişdir. Mürciilər hesab edirdilər ki, imanın əməllə heç bir əlaqəsi yoxdur. Onlara görə yalnız etiqadında problem olan adam təkfir olunmalı, günahlar üzündən bu ittihamı irəli sürmək olmaz. Mütəzililər isə böyük günahlar etmiş müsəlmanların inancla inancsızlıq arasında olmasını iddia etmişdirlər. Müsəlmanların çoxu isə tövbə etməmiş günahkar müsəlmanların aqibətini Allahın ümidinə bağlayaraq onları təkfir etməmişdirlər. Buna baxmayaraq bütün İslam məzhəblərində təkfirçilik bu və ya digər dərəcədə vardır. Onların hamısında insanı dindən çıxardan amillər qeyd edilir. Onların təlimlərinə görə Allahın varlığı və ya birliyini inkar edən, Allahdan başqasına tapınan, peyğəmbərlərin heç olmasa birini tanımayan, onları tanrılaşdıran və ya pisləyən, Quranı inkar ya təhrif edən, onun hər hansı bir ayəsinə şübhə edən və s. əməllər insanları təkfirə aparan məsələlərdir. Bu məsələlər müxtəlif ilahiyyatçılar və məzhəblərdə fərqlidir. Fiqhdə təkfir olunmuş insana ən ağır cəza verilir. Bununla belə, insanların təkfir etmə hüququnun olub olmaması üzrə mübahisələr də olmuşdur. Bundan başqa İslam məzhəblərində müxtəlif əqidə və fiqh əsasları vardır. Mütəzili, zahiri, şiə, sünni, xarici məzhəblərinin öz din əsasları vardır ki, onlardan yayınanlar təkfir olunurlar. Buna görə hər bir məzbəb nümayəndəsi başqasını təkfir edə bilər. Buna görə də, müasir dövrdə təkfirçilik məsələləri üzrə məzhəblərin mövqeyi ilə razılaşmayan ilahiyyatçılar da vardır.
TƏKBİR
TƏKKƏ

Значение слова в других словарях