Təşəhhüd
Təşəhhüd - namazın vacibatıdır.
Bütün vacib və müstəhəbb namazların ikinci rükətində, şam namazının üçüncü rükətində, zöhr, əsr və xiftən namazlarının dördüncü rükətində gərək insan ikinci səcdədən sonra oturub bədəni sakit olan vaxt təşəhhüd desin, yəni:
اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلّ عَلى مُحَمَّدِ وَآلِ مُحَمَّد
"Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd" – desin.
Və əgər "Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu və rəsuluh" – desə, kifayət edər, həmçinin Vitr namazında təşəhhüd lazımdır.
Təşəhhüd kəlmələri gərək ərəbcə düzgün deyilsin və adi şəkildə olduğu kimi ardıcıl deyilməlidir.
Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o rük`ətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat müstəhəbbə əsasən, namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səhv səcdəsi yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat müstəhəbbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün iki səhv səcdəsi yerinə yetirsin.
Müstəhəbbdir ki, təşəhhüd halında sol budu üzərində otursun, sağ ayağın üzünü sol ayağın altına qoysun və təşəhhüddən əvvəl "Əlhəmdu lillah" və ya "Bismillah və billah vəlhəmdu lillahi və xəyrul əsmai lillah" – desin.