Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsində anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.