Mirnadir Zeynalov

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Rəssam şablonu qaydaya salınır) tərəfindən edilmiş 17:01, 22 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mirnadir Zeynalov
Doğum tarixi 12 noyabr 1942(1942-11-12)
Doğum yeri
Vəfat tarixi 10 mart 2021(2021-03-10) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Stillər realizm, abstraksionizm
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006

Mirnadir Mirəli oğlu Zeynalov (d. 12 noyabr 1942, Bakı10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006).

Həyatı

Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Buzovna kəndində doğulmuşdur. 1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.[1]

Yaradıcılığı

Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər.[2]

Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkmişdir.[2]

Mirnadir Zeynalovun yaradıcılığının əsası başlıca olaraq spektrin əsas rəngləri əsasında qurulmuşdur.[2] Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri ayrılmaz hissəyə sahibdir. Onun yaradıcılığında realizm üslubunda çəkilmiş portretlərə, lirik mənzərə əsərlərinə, həmçinin, yalnız müxtəlif rəng çalarlarının istifadə edildiyi abstrakt həllərədək fərqli janr və üslublara rast gəlmək mümkündür.[3]

O, 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, həmçinin, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra qadın portretlərini yaratmışdır.[3]

Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilmişdir. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənmiş, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanmışdır.[4] Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət MuzeyininAzərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.[3]

Mükafatları

Rəssam 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı"[5], 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür.[6] Həmçinin 1976-ci ildə Moskva şəhərində keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu almış, 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülmüşdür.[7]

İstinadlar

  1. "Mir Nadir Zeynalov" (az.)). YAY Gallery. İstifadə tarixi: 25 yanvar 2018.
  2. 1 2 3 "Rəssam ömrünün rəng çalarları" (az.)). anl.az. İstifadə tarixi: 25 yanvar 2018.
  3. 1 2 3 "Mirnadir Zeynalovun 100-dən çox əsəri Muzey Mərkəzində sərgilənir" (az.)). AZƏRTAC — Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 25 yanvar 2018.
  4. "Azərbaycanın Xalq rəssamı MirNadir Zeynalovun fərdi sərgisi" (az.)). museumcenter.az. İstifadə tarixi: 25 yanvar 2018.
  5. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.)). e-qanun.az. İstifadə tarixi: 24 yanvar 2018.
  6. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.)). e-qanun.az. İstifadə tarixi: 24 yanvar 2018.
  7. "Xalq rəssamı Mirnadir Zeynalovun yubiley sərgisi" (az.)). anl.az. İstifadə tarixi: 25 yanvar 2018.